İranda rejim dəyişikliyi mümkündür?| İsrailin hədəfi və Tehran sisteminin sarsıntısı

2025/06/1750409004.jpg
Oxunub: 652     21:28     21 İyun 2025    
Dünya İranda rejimin çökməsinə dair əlamətləri diqqətlə izləməlidir. Belə bir ssenari Yaxın Şərqdə və daha geniş coğrafiyada zəncirvari nəticələr doğura bilər. İranın siyasi-iqtisadi sistemi həm xarici təzyiqlərə, həm də daxili narazılıqlara qarşı rejimi qorumaq üçün qurulmuşdu. Amma İsrailin hazırkı hərbi kampaniyası İran İslam Respublikasının 1980-1988-ci illərdəki İran-İraq müharibəsindən bəri qarşılaşdığı ən güclü xarici təzyiqdir.

13 iyun zərbələri zamanı İnqilab Keşikçiləri Korpusunun (SEPAH) lideri Hüseyn Səlaminin və əsas nüvə alimlərinin öldürülməsi, hərbi infrastrukturların sistemli şəkildə hədəfə alınması rejimin yaşamaq mexanizmləri üçün yeni bir “stress testi” yaradır. Bu misilsiz təzyiqlərin rejimi sarsıdıb-sarsıdmayacağını anlamaq üçün İran rejimini 40 ildən artıq qoruyan iqtisadi və institusional mexanizmləri və onların çökməsini göstərə biləcək konkret əlamətləri təhlil etmək lazımdır.

İran rəhbərliyi 1979-cu ildə şah Məhəmmədrza Pəhləvinin rejiminin çökməsindən dərs çıxardı: o zaman iqtisadi böhran və institutlararası parçalanma inqilaba yol açmışdı. İslam Respublikası belə zəif nöqtələrin təkrar yaşanmaması üçün öz siyasi-iqtisadi sistemini üç əsas dayağa söykənərək qurdu: institusional ehtiyatlılıq (təkrarçılıq), təhlükəsizlik qüvvələrinin iqtisadi izolyasiyası və paralel strukturlar vasitəsilə resurs nəzarəti.

SEPAH bu dizaynın bariz nümunəsidir. 125.000-dən artıq hərbi personalı olan bu qurum İranın neft sərvətinin təxminən 50%-ni tabeliyində olan şirkətlər vasitəsilə idarə edir. Üstəlik, milyardlarla dəyərində tikinti, telekommunikasiya və ixracat şəbəkələrinə sahibdir. Bu iqtisadi imperiya sırf siyasi məqsəd daşıyır: yüksək rütbəli komandirlər ideoloji deyil, maddi maraqlar ucbatından rejimə bağlı qalır.

İranın 2025-ci il dövlət büdcəsi (2024-cü ilin noyabrında açıqlanıb) hərbi qurumlara 12 milyard dollardan çox vəsait ayırıb. Bu, əvvəlki illərlə müqayisədə 200% artım deməkdir. Bu maliyyə əsasən neft gəlirləri və rəsmi iqtisadiyyatı dolaşaraq həyata keçirilən sanksiyalardan yayınma əməliyyatları vasitəsilə təmin edilir. Nəticədə, təhlükəsizlik qüvvələri sabit gəlirlə təmin olunur, amma əhali inflyasiya və işsizliklə üzləşir. Bu da rejimin dayanıqlığını xalqın razılığına deyil, silahlı qüvvələrin maddi təminatına bağlayır.

İndiki böhran əvvəlkilərdən fərqlidir. Sanksiyalar tədricən təzyiq göstərirdisə, etirazlar zamanla artırdısa, İsrailin hərbi kampaniyası birbaşa və qəfil şəkildə rejimin əsas funksiyalarını hədəf alır. Ali komandirlərin aradan götürülməsi, hərbi bazaların məhv edilməsi və nüvə infrastrukturlarının vurulması rejimin özünü qoruma strukturlarını birbaşa təhlükə altına alır.

İranın cavabı – yüzlərlə raket atmaq və eyni zamanda rəhbərlik dəyişikliyini idarə etmək – institusional müqavimətin hələ də davam etdiyini göstərsə də, bu cavab həm də rejimi qorumaq üçün nə qədər böyük resurslar sərf olunduğunu üzə çıxarır.

Regiondakı ümumi vəziyyət də Tehrana təzyiqi artırır. Suriyada Əsəd rejimi iflas edib, “Hizbullah” Livanda ciddi zərbələr alıb, “Həmas” isə Qəzzada faktiki olaraq sıradan çıxarılıb. İranın əsas təhlükəsizlik dayaqlarından biri olan regional proksi şəbəkəsi çökmək üzrədir. Bu izolasiya rejimi daxili institutlara daha çox güvənməyə məcbur edir – məhz elə bir anda ki, bu institutlar İsrailin birbaşa zərbələrinə məruz qalır.

Rejimin süqutu yalnız əsas institutlar hakimiyyətlə bağlarını kəsəndə mümkündür. Sovet İttifaqı və Misirdə Hüsnü Mübarək dövründən məlumdur ki, xalq hərəkatları ancaq təhlükəsizlik qüvvələri ya rejimə qarşı keçəndə, ya da neytral qaldıqda uğur qazanır.

İranda institusional dağılmanı göstərə biləcək konkret əlamətlər bunlardır:

Hərbi və Təhlükəsizlik Qüvvələrində Dağılma: SEPAH komandirləri və ordunun yüksək rütbəli zabitləri kütləvi şəkildə istefa verərsə və rejimin siyasətindən uzaqlaşdıqlarını elan etsələr. Hələlik bu cür əlamətlər müşahidə olunmayıb.

İqtisadi Resursların Kəsilməsi: Əgər İsrailin zərbələri İranın neft infrastrukturlarını məhv etsə, institutların iqtisadi dayanıqlığı çökə bilər.

Proksi Şəbəkəsinin Dağılması: “Hizbullah”ın narkotrafik şəbəkəsi, “Həmas”ın tunel iqtisadiyyatı və Suriyanın tranzit yolları Tehrana resurs axını təmin edirdi. Bu axınlar kəsildikcə İran daxilində resurs bölgüsündə böhran yaranacaq.

İnstitusional Koordinasiyanın Pozulması: Ali lider Xameneyi ilə SEPAH rəhbərliyi arasında açıq fikir ayrılıqları rejim daxilində çatlar olduğunu göstərə bilər.

Rejimin ən böyük zəif nöqtəsi enerji infrastrukturunun məhv edilməsindədir. Neft gəlirləri təkcə dövlətin xərclərini deyil, həm də təhlükəsizlik orqanlarının bütün loyalıq sistemini maliyyələşdirir. SEPAH-ın iqtisadi imperiyası neftdən gələn gəlirlərə söykənir, hərbi maaşlar bu gəlirlərdən ödənilir və sanksiyalardan yayınma əməliyyatları da enerji resursları vasitəsilə həyata keçirilir. Əgər bu enerji infrastrukturu ciddi şəkildə zədələnsə, SEPAH və digər qurumların maliyyə dayaqları sarsılar, təhlükəsizlik qüvvələrinin rejimə bağlılığını təmin edən maddi əsaslar yox ola bilər.

Hazırda sübutlar göstərir ki, İranın institusional mexanizmləri hələ işlək vəziyyətdədir. Amma birləşmiş təzyiqlər – birbaşa hərbi basqılar, regional təcrid və enerji sektoruna təhlükə – paralel şəkildə rejimi sıxışdırır. Əvvəlki böhranlar adətən tək zəif nöqtəni hədəf alırdı, indiki kampaniya isə bütün sistemi sınağa çəkir.

Rejimin taleyi resurs bölgüsü ilə institusional sədaqəti saxlaya bilməsindədir. Xarici təzyiqlər bu iqtisadi damarları kəsə bilsə, İslam Respublikasını 40 ildən çox qoruyan mexanizmlər çökməyə başlaya bilər. Reallığı qiymətləndirmək üçün sadəcə xalq narazılığına deyil, konkret institusional göstəricilərə diqqət yetirmək lazımdır. İran xalqı dəfələrlə avtoritar rejimə qarşı cəsarət göstərib, amma struktur dəyişikliyi yalnız institutlar içindən gələn çatlarla mümkündür və hələlik xarici təzyiqlər bunu tam təmin edə bilməyib.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Tehran  


Bizi "telegram"da izləyin